Taksi sürücülərinə pis xəbər – Lisenziya olanda da cərimə edəcəklər – 50 manat

Taksi sürücülərinə pis xəbər – Lisenziya olanda da cərimə edəcəklər – 50 manat

Taksi sürücülərinə pis xəbər – Lisenziya olanda da cərimə edəcəklər – 50 manat

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanıb. Dünən xəbər verildi ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün də lisenziyalar verilir. Düzdür, qeyd olunur ki, yalnız müddəti bitmiş lisenziyası olan şəxslərə yeni müddət üçün lisenziya verilir. Lisenziya tələb olunan fəaliyyətlə yeni məşğul olmaq istəyənlər üçün lisenziyalar isə hələlik verilmir, çünki lisenziyalaşdırma qaydaları müəyyən edilməyib.

Cars-az bildirir ki, lisenziyalaşdırmanın yeni qaydaları müəyyən edilməmiş sərnişin və yük daşımaları üçün lisenziyaların müddətinin bərpa edilməsi maraqlı sual doğurur. Bu lisenziyalar və bir sıra digər sahibkarlıq fəaliyyətləri ilə məşğul olanlar üçün verilən lisenziyalar müəyyən özəlliklərə malikdir. Onlar konkret nəqliyyat vasitələrindən istifadə ilə əlaqədar verilir. Məsələn, taksi fəaliyyəti üçün lisenziya verilirsə (və ya müddəti bitmiş lisenziyanın əvəzinə yeni lisenziya verilirsə), həmin nəqliyyat vasitəsi və onun sürücüsü qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin bu şərtlərə uyğun olub-olmaması isə onun ən azı vizual müşahidə edilməsini tələb edir. Belə vizual müşahidə (baxış və ya müayinə) olmadan lisenziyanın verilməsi doğru olmaz, çünki lisenziyanın verilməsi qaydasının sadələşdirilməsi heç də müvafiq şərtlərə uyğun olmayan şəxsə və ya nəqliyyat vasitəsinə lisenziya verilə bilməsini ehtiva etmir. Bu səbəbdən hazırda həyata keçirilməsinə başlanmış təcrübə uğurlu sayıla bilməz.

Müddəti bitmiş lisenziyaların tələm-tələsik, qaydalar tam müəyyən olunmamış bərpa olunması belə lisenziya alan şəxslər üçün də problem yarada bilər. Məsələ burasındadır ki, həmin lisenziyalar yeni qaydalar müəyyən edilməmiş verilir. Yeni qaydalar müəyyən edildikdən sonra isə artıq alınmış lisenziyanın yeni qaydalara uyğun olmadığı aşkara çıxa bilər. Belə olduqda isə buna nəzarət edən DYP həmin sürücünü də cərimələyəcək, çünki cərimə təkcə lisenziyasız fəaliyyətə görə yox, həm də lisenziya şərtlərinin pozulmasına görə tətbiq olunur. Məsələn, DYP əməkdaşı taksi avtomobilini saxlayarkən onun lisenziyaya malik olduğu məlum olsa da, lakin həmin taksi avtomobilinin texniki təchizatı (rəngi, istismar müddəti, taksometrin olması və s.) qanunvericiliyin müəyyən etdiyi şərtlərə uyğun olmadıqda, həmin sürücü də İnzibati Xətalar Məcəlləsinin 150-4.2-ci maddəsi üzrə 50 manat miqdarda cərimə olunacaq.

Belə tələskənlik həm də ədalətsizliyə səbəb olur. Məlumdur ki, hazırda avtomobillərlə istər sərnişin, istərsə də yük daşıyanların əksəriyyətinin lisenziyası mövcud deyil və onlara lisenziya da verilmir. Belə olan halda, məsələn, taksi fəaliyyəti ilə lisenziyasız və deməli qanunsuz məşğul olan şəxs həmin fəaliyyətlə yenə də qanunsuz məşğul olmaqda davam edəcək, çünki ona lisenziya verə bilmirlər. Amma kim bu fıaliyyətlə lisenziya əsasında məşğul olub, o, yenə də lisenziyasını ala bilər. Belə çıxır ki, eyni bir fəaliyyətlə həm qanuni, həm də qanunsuz məşğul olma keçərlidir. Bu da ən azından ədalətsizlikdir. Ona görə də bu məsələdə tələskənliyə yol verilməsi doğru deyil. Əvvəlcədən lisenziyalaşdırılan fəaliyyət növlərinin dəqiqləşdirilməsi, daha sonra istər yeni başlayanlar üçün, istərsə də lisenziyası olanlar üçün lisenziyalaşdırmanın yeni qaydalarının müəyyənləşdirilməsi, bundan sonra həmin lisenziyaların verilməsinə başlanılması yaxşı olar.

Ərşad Hüseynov,

hüquqşünas

Dostlarınla paylaş


Şərhlər


Top