Avtovağzalda sürüşmə niyə dayanmır? - Fotolar
Sumqayıtdan Bakıya gələn istiqamətdə-Bakı Beynəlxalq Avtovağzal Kompleksinə daxil olan artırma yolda oktyabrın 7-də baş verən torpaq sürüşməsinin qarşısını almaq üçün ərazidə işlər davam etdirilir. Cars-az bizimyol-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar artırma yolda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. İş icraçıları bildirir ki, bərpa işləri yaxın günlərdə yekunlaşacaq. "İyirmi nəfərə yaxın işçi ərazidə işləyir. Gələcəkdə sürüşmənin-çökmənin baş verməməsi üçün planlı şəkildə iş görülür. Biz işi təhvil verəndən sonra müvafiq qurumların da əməkdaşları əraziyə gələrək baxış keçirəcəklər. Bərpa işlərinə müsbət rəy veriləndən sonra artırma yol yenidən avtonəqliyyatın ixtiyarına veriləcək"-deyə iş icraçısı bildirdi.
Yaranmış vəziyyətlə əlaqədar olaraq şəhərdaxili işləyən avtobuslar marşrut xətlərini dəyişməli olublar. Amma söhbət etdiyim sürücülər yolun bağlanmasından narahat olmağa səbəb olmadığını dedilər:
"Artırma yolun bağlanması nəticəsində orada təkcə nəqliyyat vasitələrinin deyil, həm də piyadaların hərəkətinə maneə qoyulub. Ona görə də, orada hərəkət etməməklə heç nə itirmirik. Sərnişinlər dayandığımız yeri bilirlər. Sonuncu dayanacağımız avtovağzaldır, elə bura gələrək bizim xidmətimizdən istifadə edirlər".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının əməkdaşları da Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə baş verən əraziyə baş çəkiblər.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər. Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib.
Baş geoloq əlavə edib ki, lay sularının sürüşmə prosesində rolunun olub-olmamağı aparılan tədqiqatlardan sonra bilinəcək. Ə.Piriyev qeyd edib ki, sürüşmənin Avtovağzal binasına heç bir təsiri olmayıb.
Ələmdar Piriyev bildirdi ki, bərpa gücləndirmə işləri aparılandan bəri çökmə prosesinin dinamikasında müəyyən sabitləşmə baş verib:
"Ərazidə dəfələrlə olmuşuq. Betona sıvaylar vurulur. İrəliləməyə meylli olan istinad divarlarında sürüşmənin qarşısının alınması üçün işlər görülür. O ki qaldı çatların olmasına, bu proseslər başa çatandan sonra yolun əvvəlki vəziyyətinə qayıdacağına inanırıq. Orada təcrübəli mühəndislər işləyir. Onlar nəqliyyat yolunun ağırlıq qüvvəsini, toraq qatının fiziki-mexaniki xüsusiyyətini nəzərə alaraq bərpa işlərini təşkil edirlər. Narahatlığa səbəb olacaq bir halın olmayacağına ümid edirik".