Taksi sürücüləri ilə bağlı maraqlı təklif var – Lisenziya ləğv edilsin!
Taksi fəaliyyəti ilə lisenziyasız məşğul olmaya və lisenziya şərtlərinə riayət etməyə nəzarətin DYP-yə həvalə edilməsindən sonra lisenziyasız taksilərin sonrakı taleyi ilə bağlı sual yaranıb. Cars-az bildir ki, əsas sual DYP-nin həmin nəzarəti necə həyata keçirəcəyi və taksi sürücüləri ilə münasibətləri necə quracağıdır.
DYP-ni təmsil edən rəsmi şəxslərin bildirdikləri kimi, qanunda nəzərdə tutulan nəzarətin tam məzmunda bu gündən həyata keçirilməyə başlaması xeyli problemlər doğura bilər. Hər kəsə məlumdur ki, hazırda taksi fəaliyyəti ilə məşğul olanların çox cüzi qisminin lisenziyası var, hətta onların xeylisi aylıq sadələşdirilmiş vergini ödəyərək “Fərqlənmə nişanı” da almırlar. Belə olan halda ciddi nəzarət həyata keçirilsə, əksər taksi sürücüləri cərimə olunacaq və bundan daha pisi - gündəlik dolanışıqdan məhrum olacaqlar. Ona görə də DYP-nin hazırki gözləmə mövqeyini alqışlayıram. Nə qədər ki, lisenziyalaşdırma ilə bağlı yeni qaydalar müəyyən edilib tətbiq olunmağa başlanılmayıb, ciddi nəzarət heç bir səmərə verə bilməz. Axı taksi sürücüsü lisenziya almaq istəsə də, bu gün onu almaq mümkün deyil.
Ona görə də aydınlaşdırılmalı ilk sual taksi fəaliyyəti üçün lisenziyanın qalıb-qalmamasıdır. Hesab edirəm ki, taksi fəaliyyəti üçün lisenziyanın ləğvi daha doğru olar. Prezidentin 19 oktyabr 2015-ci il tarixli Fərmanı ilə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinin minimuma endirilməsi tapşırılıb. Fikrimcə, bu konseptual yanaşmadan çıxış edərək, lisenziyalaşdırılan fəaliyyət növləri sırasından taksi fəaliyyəti silinməlidir. Məncə, sürücünün özü və onun avtomobili taksi üçün nəzərdə tutulan tələblərə uyğundursa, həmin sürücü vergi ödəyicisi kimi qeydiyyata duraraq vaxtında vergiləri ödəyirsə, əlavə lisenziya alınmasına heç bir ehtiyac yoxdur. Sadəcə olaraq, taksinin ilkin uçota alınması və fəaliyyəti gedişində bu işin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək olar. Amma bunun necə olacağını yaxın gələcək göstərəcək.
Lakin DYP-nin müvəqqəti olaraq belə yanaşması taksi sürücülərini də arxayın salmamalıdır. Öncə istəyirəm ki, hazırda taksi fəaliyyəti ilə məşğul olanların diqqətinə mühüm bir məsələni çatdırım. Heç kəs lisenziyalaşdırma şərtlərinə görə cərimənin hələlik tətbiq edilməsindən arxayınlaşmasın. Əgər kiminsə lisenziyası varsa, yaxud vergi ödəyicisi kimi uçota duraraq taksi fəaliyyəti ilə məşğul olursa (yəni VÖEN-i var və “Fərqlənmə nişanı” alıb) onlar heç bir kənaraçıxmaya yol vermədən yenə də vergiləri verməli və məcburi sosial sığorta ödənişi etməlidirlər. Unutmaq olmaz ki, sizi heç kəs vergilərdən və məcburi sosial sığorta ödənişindən azad etməyib. Əgər vergiləri və məcburi sosial sığorta ödənişlərini ödəməsəniz və ya gecikdirsəniz, hətta sadəcə hesabat verməsəniz sizin barənizdə cərimə və peniya tətbiq olunacaq.
Taksi sürücüləri yeni qaydalaradək fürsətdən istifadə edib həm də bu qaydaların müəyyən etdiyi şərtlərə hazırlaşmalıdırlar. Əminliklə bildirirəm ki, ölkəmizin taksi bazarı üçün kifayət qədər ciddi yeniliklər olacaq. Çünki Prezidentin son 3 ayda təsdiq etdiyi bir neçə fərmanda taksi fəaliyyətinə aid xeyli müddəalar var. Hər şeydən əvvəl Prezidentin 31 avqust 2015-ci il tarixli Fərmanı ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinə taksi avtomobilləri üçün vahid standart hazırlayıb təsdiq etmək tapşırılıb. Hazırda həmin standartın hazırlanması yekunlaşmaqdadır və yəqin ki, yaxın gələcəkdə standartlar təsdiqlənəcək. Bu standartlarda taksilər üçün xeyli yeniliklərin olacağı gözlənilir. Belə yeniliklər sırasında taksi kimi istifadə edilən minik avtomobillərinin vahid rəngdə olması, maksimal yol verilən istismar müddəti (avtomobilin maksimal yaşı), vahid rəng qrafikası, taksometr və başqa bu kimi zəruri avadanlıqlarla təchizatı nəzərdə tutula bilər.
Yeni qaydalarda taksi sürücüləri üçün də tələblər fərqli olacaq. Artıq bəllidir ki, taksi sürücüsü olmaq üçün “B” və ya “BE” sürücülük kateqoriyası, ən azı iki il sürücülük stajı və xüsusi kurs keçilməsinə dair şəhadətnaməyə malik olmaq tələb olunur. Bu şərtlərə cavab verməyən sürücülər, o cümlədən sərnişindaşımanın incəliklərini və bu sahədə təhlükəsizlik tələblərini öyrənmək üçün nəzərdə tutulan kursu müvəffəqiyyətlə keçib şəhadətnamə almayanlar taksi fəaliyyətinə buraxılmayacaq.
Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd etdiyim şərtlər taksi fəaliyyəti üçün lisenziyanın saxlanılıb-saxlanılmamasından asılı olmayaraq tətbiq ediləcək. Ona görə də sürücülər hazırki keçid dövründən yararlanaraq avtomobillərini və sənədlərini qaydasına salsalar, yeni yeni qaydalar tətbiq ediləndən sonra problemsiz olaraq taksi fəaliyyəti ilə məşğul ola biləcəklər.
Ərşad Hüseynov,
hüquqşünas