Sürücülər və avtobus sahibləri üçün mühüm yenilik – QANUN DƏYİŞDİ

Sürücülər və avtobus sahibləri üçün mühüm yenilik – QANUN DƏYİŞDİ

Sürücülər və avtobus sahibləri üçün mühüm yenilik – QANUN DƏYİŞDİ

Bu gün İnzibati Xətalar Məcəlləsinə (İXM) sürücülərin və nəqliyyat vasitəsi sahiblərinin inzibati məsuliyyəti ilə bağlı dəyişikliklər edən qanun dərc olunub. Dekabrın 1-dən qüvvəyə minəcək dəyişikliklər maraqlı məzmuna malikdir. Dəyişikliklər əsasən 3 istiqamətdədir:

1. Avtobus sahiblərinin və yük daşımalarını yerinə yetirən yük avtomobilləri sahiblərinin öz sərəncamında olan nəqliyyat vasitələrini reysqabağı texniki müayinədən keçirməməyə görə, habelə bu nəqliyyat vasitələrini idarə edən sürücülərin tibbi müayinəsinin keçirilməməsinə görə məsuliyyət dəqiqləşdirilir və sərtləşdirilir. Belə ki, reysqabağı texniki müayinəni keçirməməyə görə əvvəl ayrıca məsuliyyət yox idi, reysqabağı tibbi müayinəni keçirməməyə görə isə nəzərdə tutulan sanksiya yüngül idi. Bu dəyişiklik İXM-ə 150-6-cı maddə əlavə etməklə avtobus və yük avtomobilinin sahibi olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün sərt məsuliyyət müəyyən edir. Reysqabağı texniki və ya tibbi müayinəni həyata keçirməmiş hüquqi şəxslər 2000-2500 manat, fərdi sahibkar və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxsi (məsələn, qaraj müdiri) isə 500-800 manat cərimə ediləcəklər.

2. Avtobusların sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edilməsinə görə, habelə avtobusu sürücülük hüququ olmayan və ya sərxoş vəziyyətdə olan şəxsə idarə etməyə verməyə görə məsuliyyət ciddi şəkildə sərtləşdirilir. Hətta bu əməllərə görə nəzərdə tutulan tənbehlər adi nəqliyyat vasitələri ilə törədilmə halları ilə müqayisədə də əhəmiyyətli dərəcədə sərtləşdirilir. Məsələn, sürücülük hüququ olmayan şəxs digər nəqliyyat vasitəsini idarə etdikdə 100 manat cərimə olunursa, belə şəxs sərnişin daşıyan avtobusu idarə etdikdə 15 gündən 1 ayadək müddətə həbs olunacaq. Bu sərtləşdirmə daha çox avtobus sahibi olan hüquqi şəxslərə və fərdi sahibkarlara aiddir. Belə ki, məsələn, digər nəqliyyat vasitəsini sürücülük hüququ olmayan sərxoş şəxsə verən hüquqi şəxs 4000 manat cərimə edilə bilərsə, avtobusu belə şəxsə verən hüquqi şəxs 8000 manat cərimə ediləcək. Bu yenilik İXM-də problemli olan bir məsələni də qismən həll edib. Belə ki, hazırki məzmunda avtomobil sahibinin öz avtomobilini sürücülük hüququ olmayan və (və ya) sərxoş şəxsə verməsi, həmin sürücünün cinayət xarakterli qəza törətməsi halında avtomobil sahibinin məsuliyyət məsələsi açıq qalmışdı. Bu dəyişiklikdən sonra avtobus sahibi olan hüquqi şəxs və ya fərdi sahibkar avtobusu sürücülük hüququ olmayan və (və ya) sərxoş şəxsə verdikdə və o, qəza törədərək zərərçəkmişin ölməsinə və ya onun ağır və ya az ağır xəsarət almasına səbəb olduqda həmin hüquqi şəxsə və fərdi sahibkara da cərimə tətbiq olunacaq, özü də kifayət qədər sərt: hüquqi şəxslər 15 min manat cərimə olunacaq, fərdi sahibkar və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə 2500 manat cərimə olunacaq, yaxud 1 aydan 2 ayadək həbs olunacaq. Lakin bu məsələ ilə bağlı yenə də natamamlıq qalıb. Çünki avtobus istisna olmaqla digər nəqliyyat vasitələri ilə belə əməllərin törədildiyi halda həmin nəqliyyat vasitəsinin sahibi üçün məsuliyyət məsələsi yenə də açıq qalıb.

3. Yeni dəyişiklik avtoxuliqanlığın xüsusi bir növünü fərqləndirib. İXM-ə əlavə olunan 296-1.3-cü maddəyə əsasən, avtoxuliqanlığın aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000-4000 manat miqdarda cərimə bir aydan iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Lakin bu əmələ görə məsuliyyətə cəlb etmək elə də asan olmayacaq. Çünki mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitəsi ilə sürətin aşılması faktı yalnız xüsusi texniki vasitə ilə, yəni radarla qeydə alına bilər. Deməli, radar olmayan yerdə bu əməli törədən avtoxuliqanları məsuliyyətə cəlb etmək mümkün olmayacaq.

Ərşad Hüseynov,

hüquqşünas

Dostlarınla paylaş


Şərhlər


Top