Maşını cərimə meydanına aparılan sürücü özünü niyə yandırdı?
Gəncə şəhərində sürücünün özünü yandırması faktının təfərrüatı açıqlanıb. Сars-az xəbər verir ki, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsi və Gəncə Şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə "dayanma, keçmə qadağandır" yol nişanının tələbini pozduğuna görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib. Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb.
Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
* * *00:54
Göygöl rayon sakini Gəncədə özünü yandırıb.
Сars-az xəbər verir ki, hadisə Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb.
O dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.