Yol qəzası: ana və oğlu yaralandı
Lənkəranda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyunun 8-də saat 18.40 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində, rayonun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Elməddin Rəfail oğlu Zeynalovun idarə etdiyi “İveco” markalı, tranzit nömrə nişanlı yük maşını hərəkətdə olarkən yolun kənarında dayanmış Biləsuvar şəhər sakini, 32 yaşlı Yusif Qafar oğlu Nağıyevə məxsus “Mercedes” markalı, 99 FZ 589 dövlət nömrə nişanlı minik avtomobilini yan tərəfdən vurub. Qəza nəticəsində “Mercedes”in sürücüsünün həyat yoldaşı, 32 yaşlı Elmira Yusif qızı Ağayeva və 9 yaşlı oğlu Zəfər Nağızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb “İveco”nun yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırma aparılır. Qəzanın təfərrüatları texniki ekspertizanın rəyindən sonra məlum olacaq.