Bakı-Qazax avtomobil yolunda yeni yol hissəsi salınıb
Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən 20 metr uzunluğu və 12,5 metr enində yeni yol hissəsi salınıb.
Сars-az “Azəryolservis”ə istinadən xəbər verir ki, geri dönmə üçün nəzərdə tutulan yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 m dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6 450 kv.m sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 m enində çiyinlər də tikilib.
Eyni zamanda 4 750 kv.m sahəyə ikiqat olmaqla (12 sm + 6 sm) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 m enində genişləndirilib və yol ayrıcında 2 200 kv.m sahədə (800 kv.m+1 400 kv.m) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2 200 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənib, kənarlarına 400 poqon metr yeni səki daşları düzülüb.
Qeyd edək ki, ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və aparılan tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər quraşdırılıb. Hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.