Bir həftədə 20 minə yaxın sürücü cərimələnib
Bakı şəhərində son bir həftə ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 19 239 sürücü barəsində inzibati protokol tərtib edilib. Cars-az xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Həmin sürücülərdən 382-i avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslərdir. Həmçinin, inzibati məsuliyyətə cəlb olunan sürücülər arasında 12 avtoxuliqan olub. Qaydaları pozan sürücülərdən 276 nəfəri hərəkəti işıqforun qırmızı işiğında davam etdirən, 3 945-i ötmə manevr qaydalarını pozan, 45-i sərnişin daşıma qaydalarını pozan, 67-si yol polisi əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən, 10 nəfəri avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, 73-ü avtomobili sənədsiz idarə edən, 85-i isə avtomobili pərdə və plyonka ilə idarə edən sürücülərdir.