Taksi sürənlərin işi ASANlaşdı

Taksi sürənlərin işi ASANlaşdı

Bu gündən etibarən taksi lisenziyaları ASAN Xidmət tərəfindən verilməsinə başlanılıb. ASAN Xidmətin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovun Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu gündən etibarən müddəti bitən taksi sahibləri lisenziyasını ASAN Xidmətdə yeniləyə bilər: "Bununla bağlı artıq bu gün 120 nəfər müraciət edib. Lakin taksi fəaliyyətinə başlamaq istəyən vətəndaşlar isə hələlik gözləməli olacaq. Bu da onunla əlaqədardır ki, sənədləşmə proseduru sadələşdirilir və bəzi lisenziyaların ləğvetmə prosesi həyata keçirilir, odur ki, yeni lisenziyalar, o cümlədən taksi lisenziyaları hələ ki, verilmir". Onun sözlərinə əsasən, bəzi lisenziyaların ləğv edilməsi ilə bağlı təkliflər noyabr ayının 19-na kimi təqdim ediləcək. Hansı lisenziyaların qalacağı, hansılarının isə ləğv ediləcəyi isə dekabr ayının əvvəlində məlum olacaq. Anar Hüseynov onu da əlavə etdi ki, bu lisenziyaların verilməsi aiddiyyatı orqanların əməkdaşları tərəfindən həyata keçiriləcək.


Anar Hüseynov - ASAN Xidmətin İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Taksi fəaliyəti üçün lisenziya və fərqlənmə nişanının ASAN xidmət tərəfindən verilməsi prezident İlham Əliyevin 2015-ci il avqustun 31-də imzaladığı "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərmanda nəzərdə tutulub.

Fərmana əsasən, ASAN Xidmət-in göstərdiyi xidmətlərin sırasına taksi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsi, eləcə də, taksi avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi əlavə edilib. Həmçinin, Nəqliyyat Nazirliyinə tapşırılıb ki, taksilərə lisenziya və “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin ASAN xidmət mərkəzlərində həyata keçirilməsini təmin etsin. Bunun üçün nazirlik ASAN xidmət mərkəzlərində fəaliyyət göstərmək üçün əməkdaşlar və avadanlıqlar da ayırmalıdır.



Prezidentin imzaladığı fərman

Fərmana əsasən, taksilər üçün qoyulan tələblər də yumşaldılacaq. Belə ki, fərmanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılır ki, taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələbləri sadələşdirsin.

O da nəzərə alınmalıdır ki, fərqlənmə nişanı və lisenziya sahəsindəki xidmətlər ASAN xidmətə verilsə də, nəzarət hələ də Nəqliyyat Nazirliyində qalır. Ona görə də sürücülər məsuliyyətli olmalıdırlar.

Lisenziyaların ASAN xidmətinə verilməsindən taksi sürücüləri də razıdırlar. Onlardan biri Mahir Abdullayevin sözlərinə görə, yeni xidmət əlavə vaxt itkisinin də qarşısını alacaq: "Əvvəllər lisenziya almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müraciət edirdim, orada da adamı çox incidirdilər, çətinliklər olurdu. Amma bundan sonra işim daha rahat olar və bir günə məsələni həll edə bilərəm".


Mahir Abdullayev - sürücü fəaliyyəti ilə məşğul olan vətəndaş


Sürücünün sözlərinə əlavə olaraq bildirək ki, əvvəllər taksi sahibləri lisenziyanı həmin fəaliyyətlə məşğul olmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən ala bilərdilər.

Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:
- Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
- hüquqi şəxslər üçün — adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
- fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
- Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
- Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
- Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
- Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
- fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Dostlarınla paylaş


Şərhlər


Top