Azərbaycanın dəmir yollarında yenilik
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Cars-az xəbər verir ki, qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb. 23 noyabrdan Salahlı-Soyuq Bulaq mənzilində 7, 8 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərinin 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntücünə başlanılıb. Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.