28.02.2016
Yarışma
Formula 1-də yeni formatın tətbiqi təxirə salınıb
Formula 1-in təsnifat yarışlarında mübarizəni dayandırma formatının tətbiqi təxirə salınıb. "Report"un məlumatına görə, bu barədə "Formula One Management"in prezidenti Berni Ekklstoun açıqlama verib. O, təşkilatçıların teleyayım üçün yeni qrafik yaratmağı və qaydalarda dəyişikliyi qeydə alan proqram təminatını hazırlamağı çatdıra bilmədiklərini bildirib: "Avstraliyada keçiriləcək ilk Qran Pridə yeni qaydalarla təsnifat olmayacaq. Çünki biz hər şeyi hazırlamağı çatdırmayacağıq. Proqram təminatı hələ hazır deyil. Bu səbəbdən, yeni təsnifat formatı İspaniya Qran Prisindən tez tətbiq olunmayacaq".
Qeyd edək ki, İspaniya Qran Prisi 13 - 15 mayda olacaq. 17 - 19 iyunda isə Bakıda ilk dəfə Avropa Qran Prisi təşkil olunacaq.