"Bakı-Tbilisi-Qars" dəmir yolunda yük qatarı sınaqdan keçirilib
"Bakı-Tbilisi-Qars" dəmir yolu magistralının tikintisi çərçivəsində, yolun Gürcüstan hissəsində yük qatarı sınaqdan keçirilib. Sınaq uğurla başa çatıb.
Cars-az "report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Qatarın Axalkalaki-Kartsaxi hissəsində sınağı "Marabda-Kartsaxi Dəmir Yolu" MMC və "Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstan filialı tərəfindən təşkil olunub.
""Marabda-Kartsaxi dəmir yolu" MMC-nin nümayəndələri bunun layihənin uğurla başa çatdırılması istiqamətində daha bir addım olduğunu bəyan ediblər", - deyə nazirliyin məlumatında bildirilir.
"Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstan hissəsinin inşası əməli olaraq başa çatıb. Layihə Gürcüstan ərazisində Marabda-Axalkalaki dəmir yolu xəttinin bərpa-yenidənqurmasını və Axalkalakidən Türkiyə ilə sərhədə qədər yeni dəmir yolu xəttinin çəkilməsini nəzərdə tutur.
" "Bakı-Tbilisi-Qars" layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yol xəttlərini birləşdirəcək yeni nəqliyyat dəhlizinin bir hissəsidir. Bu layihənin reallaşdırılması nəticəsində Asiyadan Türkiyə vasitəsi ilə Avropaya dəmir yolu dəhlizi açılacaq", — deyə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili bildirib.
Azərbaycan tərəfi "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin işə salınmasının 2016-ci ilin sonuna planlaşdırıldığını bildirir.