16.03.2016
Gündəm
Ermənistan Rusiyanı dəmiryolu tariflərini əsassız yerə qaldırmaqda ittiham edib
Ermənistanın iqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-ni (CQDY) tarifləri əsassız yerə qaldırmaqda şübhəli bilib və müvafiq materialları Rusiya Federal Anti-İnhisar Xidmətinə təqdim edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Ermənistan parlamentində komissiya sədri Artak Şaboyan bildirib. "CQDY dəmir yolu üzrə yük daşımaları tariflərini qaldırıb. Bunu şirkətin Ermənistanın vaqon parkları operatorları arasında tutduğu üstün vəziyyətindən sui-istifadə etməsi kimi hesab etmək olar. CQDY tariflərin qaldırılmasını 9 milyard dram (18 milyon ABŞ dolları) ziyanda olması ilə əsaslandırıb", — deyə Şaboyan qeyd edib.