DYP «Jiquli video»sunu nəzarətə götürdü
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu il aprelin 10-da Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilmiş videoya münasibət bildirib.
Videodan məlum olur ki, yol polisi olmayan polisin əmri ilə sahibi yanında olan “Jiquli” markalı avtomobil evakuasiya edilir. Cars-az-ın təqdim etdiyi videoda maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür. Bu azmış ki, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.
Şöbə rəisi bildirib ki, polisin digər xidmətləri istənilən başqa xidmətə cəlb oluna bilər və burda qanun pozuntusu yoxdur: “Yol hərəkəti təhlükəsizliyinin nəzarəti həyata keçirilən xidmətə cəlb edəndə onlar protokol da yaza bilərlər. Məsələn, post patrul xidmətindən piyadalara qarşı mübarizə aparılması üçün 110-dan çox əməkdaş bu xidmətə cəlb edilib. Hansısa ərazidə avtomobillərin təxliyə olunması və digərə məsələlərlə bağlı da polisin digər xidmətlərindən də əməkdaşlar cəlb edilə bilərlər». K.Əliyev sonda qeyd edib ki, sözügedən video ilə bağlı araşdırma aparılacaq.