Bir gündə 100 avtobus cərimə meydançasına salındı

Bir gündə 100 avtobus cərimə meydançasına salındı

Bu gün Bakı şəhərində sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb. Bu barədə Cars-az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, səhər saatlarından başlayan reyd günün sonuna qədər paytaxtın müxtəlif bölgələrində davam etdirilib. Reyd zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur. Bundan əlavə, elektron qaydada yazılan cərimələrin vaxtında ödənilməməsi, müvafiq kateqoriyası və sürücülük vəsiqəsi olmadan avtobus idarə edilməsi faktları da üzə çıxıb. Bütün bunlara görə gün ərzində 100-dən artıq avtobus Bakının 7 cərimə meydançasına yığılıb. İş o yerə çatıb ki, cərimə meydançalarında yer dolduğu üçün avtobuslar yol kənarlarında saxlanılıb: «Bakının hər yerində bu cür reydlər keçirilir. Cərimə meydançalarına qoyulan avtobusların sürücüləri və onların məxsus olduğu şirkətlər cərimə olunacaq. Hər bir avtobus sürücüsü barədə tərəfimizdən inzibati protokol tərtib olunub. Hesab edirik ki, bu cür tədbirlərdən sonra avtobuslarda, ictimai nəqliyyatda nizam-intizam yaratmaq mümkün olacaq. Yol polisi olaraq bu cür tədbirləri davamlı olaraq həyatı keçirəcəyik. Bu işdə təkcə yol polisi yox, vətəndaşlar da qətiyyətli olmalıdır. Bəzən bizdən nəsə tələb edirlər, amma yaxşı olar ki, tələb edənlər onlardan tələb olunanlara da əməl etsinlər».

Bundan əlavə, Vaqif Əsədov bildirib ki, avtobus dayanacaqlarını zəbt edən minik maşınlarına qarşı da tədbirlər görülüb və 130 sürücüyə inzibati protokol tərtib olunub: «Təəssüflər olsun ki, biz dayanacaqları təmizləyib avtobusların ixtiyarına veririk. Lakin sanki sürücülər vərdiş edibmiş kimi, yenə də avtobusu dayanacaqdan kənarda, yəni, ikinci cərgədə saxlayırlar. Və yaxud da, sərnişinlər avtobus gözləyərkən yolun hərəkət hissəsinə çıxırlar».

Yol polisindən onu da bildiriblər ki, bu ilin 7 ayı ərzində Bakı şəşəri ərazisində avtobusların iştirakı ilə 36 yol qəzası baş verib ki, nəticədə 21 nəfər ölüb, 56 nəfər yaralanıb. Bu səbəbdən də yol polisi sərt addımlara əl atıb və bir gündə 100-dan artıq avtobus xəttən çıxarılıb. Bu qədər avtobusun birdən-birə xəttən kənarlaşdırılması şəhərdə nəqliyyat sistemində problem yaratsa da, DYP rəsmisi bildirib ki, avtobusların məxsus olduğu şirkətlər və sürücülər cərimələri vaxtında ödədikdən və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitələri yenidən xəttə buraxıla bilər.

Cərimə meydançasında avtobusların sürücüləri ilə də söhbət etdik. 193 saylı avtobusun sürücüsü bildirdi ki, onun heç bir cəriməsi olmayıb: «Avtobusun cəriməsi var, üstündən 2-3 il keçib, şirkət ödəməlidir. Mənim heç xəbərim də olmayıb. Amma bizi şirkətdən göndəriblər ki, avtobusu necə cərimə meydançasına aparıblar, gedən elə də çıxarın. Axı biz kimik ki? 193 və 207 saylı avtobuslar «Binə» Ticarət Mərkəzinin direktoru Kəbirə Məmmədovanındır. Biz heç maaş da almırıq. Maaşımızı özləri götürürlər. Amma belə problem də olanda aradan çıxıb bizi qabağa verirlər. Səhər saat 5-dən gecə saat 1-ə kimi işləyirik, amma bir problem olanda bizi tək qoyurlar. İndi də biliblər ki, avtobuslar cərimə meydançasına qoyulub, özümüzü göndərirlər ki, gedən çıxardın».

Başqa bir avtobus sürücüsü isə bildirdi ki, onu yol vərəqi olmadığına görə saxlayıblar. Lakin yol vərəqini 3 saat ərzində tapıb gətirsə də, yol polisi avtobusu buraxmır.

Yeri gəlmişkən, Cars-az-ın əməkdaşı cərimə meydançalarında müşahidə apararkən məlum olub ki, «Transqeyt» şirkətinə məxsus avtobuslar da cərimə meydançasına aparılıb. Bu şirkətin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu bildirilir.

Elməddin Muradlı

Dostlarınla paylaş