Bakıda sürücüləri sevindirən layihə - ALTERNATİV YOLLAR

Bakıda nəqliyyat yükünü və mərkəzdəki sıxlığı azaltmaq üçün kompleks tədbirlər görülür. Lent.az-ın məlumatına görə, şəhərin mərkəzində tıxacların qarşısını almaq, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə bir neçə iri yol, yol qovşağı və yol ötürücülərinin tikintisi davam etdirilir və ya planlaşdırılır. Bakının nəqliyyat probleminin həllinə böyük töhfə verəcək layihələrdən biri də bir neçə gün əvvəl tikintisinə başlanmış və Böyükşor gölünün kəsərək gölün şimal və cənub hissələrini birləşdirən magistraldır. Bu layihənin həyata keçməsi sürücülərə bir çox alternativlər qazandıracaq:

1. Böyükşor gölü üzərindən salınan 6 zolaqlı yol Ziya Bünyadov prospekti, Heydər Əliyev prospektinə paralel çəkilən yeni yol, Heydər Əliyev prospekti, Babək prospekti və nəhayət Nobel prospektinədək uzanacaq. Yol vasitəsi ilə hər iki istiqamətə işıqforusz hərəkət etmək mümkün olacaq. Bunun üçün Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində (Şəfa stadionun qarşısı) yeni tunel də çəkilib.

2. Bu yolun istismara verilməsi ilə sürücülər Böyükşor qovşağına və Sabunçu körpüsünə daxil olmadan Balaxanı qəsəbəsinə doğru hərəkət edə biləcəklər. Buradan da Zabrata və Bakının digər qəsəbələrinə getmək imkanı yaranacaq. Nəzərə alsaq ki, hərəkətin intensiv olduğu vaxtlarda Sabunçu körpüsü nəqliyyat yükünü qaldıra bilmir və hər gün bu ərazidə tıxac yaranır.

3. Yeni yolun istifadəyə verilməsi sürücülərə Bakının mərkəzinə daxil olmadan Sumqayıta getmək imkanı da yaradır. Balaxanıyadək maneəsiz gələn avtomobillər buradan Binəqədi-Novxanı-Corat-Sumqayıt yolu ilə hərəkət edə biləcəklər. Beləliklə Nobel, Babək, Qara Qarayev, Heydər Əliyev prospektindən gələn nəqliyyat vasitələri üçün Sumqayıta alternativ gediş marşrutu yaranı və metronun 20 Yanvar stansiyası ətrafındakı sıxlıq bir qədər azalır.

Qeyd edək ki, tikintisinə başlanmış yolun uzunluğu 1570 metr, eni 34 metr, yolun gölün səviyyəsindən hündürlüyü 1,5 metr olacaq. Yol Ziya Bünyadov prospektini Balaxanı-Binəqədi şosesi ilə birləşdirəcək. Hazırda göldə torpaq yatağının və bəndlərin qurulması istiqamətində iş davam etdirilir.

Dostlarınla paylaş