Sürücünün 10 saniyəlik səbrsizliyinin əvəzi

Abşeron rayonu Masazır gölü ətrfında ağır qəza olduğu və 2 nəfərin (bəzi məlumatlara görə hətta 3 nəfərin) öldüyü barədə məlumat yayıldı. Təfərrüatlar tam bəlli olmasa da, söhbətin 2 avtomobilin üz-üzə toqquşmasından getdiyi deyilir. Əsasən ötmə qaydalarının pozulması nəticəsində baş verən belə üz-üzə toqquşma avtoqəzalar arasında ən ağır nəticəli qəzalar hesab olunur, çünki qarşı-qarşıya hərəkət edən avtomobillər toqquşarkən onların daşıdığı öldürücü kinetik enerji 2 dəfə artır və faciəli nəticə qaçılmaz olur. Bu qəzalar sürücülərin elementar intizamsızlığınin , təhlükəsizliyə primitiv yanaşmasının nəticəsində baş verir. Adi bir hesablamaya diqqət edin. Belə ağır nəticə o deməkdir ki, toqquşan avtomobillər təxminən 90 km/saat və ya daha yüksək sürətlə hərəkət edirmiş. Bu sürətlə qarşı-qarşıya hərəkət edən avtomobillər cəmi 10 saniyə ərzində aralarındakı 500 metr məsafəni qət edərək sakitcə çıxıb gedirlər. Deməli, ötmək istəyən sürücü cəmi 10 saniyə səbr etsə, qarşıdan gələn avtomobil keçib gedər və bundan sonra rahat ötmə edər. Düzdür bəzən hərəkət şəraiti bir az mürəkkəb olur və axın çox olur. Amma belə şəraitdə, təbii ki, heç bir ötmədən söhbət gedə bilməz. Nə isə… Bax həmin 10 saniyəyə dözməməyin nəticəsi belə faciə olur. Cəmi bir qurtum suyun içilmə vaxtı ola bilən 10 saniyədən ötəri bu boyda faciənin edilməsi heç bir ölçüyə siğa bilməz.

Dostlarınla paylaş