İZAH: Qayda pozan sürücülərlə bağlı yenilikləri siz də öyrənin

Yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə ilə bağlı bir sıra yeniliklər qüvvəyə minmişdir. İnzibati Xətalar Məcəlləsinə 4 mart 2014-cü il tarixli Qanunla edilən həmin dəyişikliklər başlıca olaraq aşağıdakılardan ibarətdir:

1. Müxtəlif xarakterli texniki nasazlığı olan nəqliyyat vasitələrini idarə etməyə görə məsuliyyət nəzərdə tutan 155-ci maddəyə edilmiş dəyişikliyə əsasən, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərləri və şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan nəqliyyat vasitəsini idarə etməyə görə cərimənin miqdarı azaldılaraq 50 manat müəyyən edilmişdir. Xatırladıram ki, 5 aprel 2013-cü il tarixli Qanunla belə nasazlığa görə cərimənin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdi. Lakin son dəyişikliklə bu cərimə əvvəlki miqdarında, yəni 50 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, bu dəyişikliyin geriyə qüvvəsi də var. Yəni həmin xətaları indiyə qədər törətmiş şəxslər də 150 deyil, 50 manat cərimə ediləcəklər və yalnız bu məbləği ödəyəcəklər.

2. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulan qayda pozuntularının dairəsi xeyli genişləndirilir. Bu üsulla qeydə alınması nəzərdə tutulan qayda pozuntuları sırasına İXM-in151.1-ci, 151.3-cü, 151-1.1-ci, 151-2.1-ci, 151-3-cü maddələrində göstərilən xətalar da əlavə edilir (əvvəllər yalnız İXM-in151.2-ci, 151.3-1-ci, 151.3-2-ci 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 158-1.3-cü maddələrində nəzərdə tutulan xətaların bu qaydada qeydə alınması nəzərdə tutulurdu). Bu dəyişiklikdə nsonra İXM-in 151.1-ci, 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1-ci, 151-2.1-ci, 151-3-cü,158-1.3-cü maddələrində nəzərdə tutulan qayda pozuntularının nəzarət kameraları və radarlar vasitəsilə aşkarlanaraq rəsmiləşdirilməsi həyata keçiriləcək

3. Mühüm yeniliklərdən biri ondan ibarətdir ki, qayda pozuntusunun nəzarət kamerası və ya radar vasitəsilə aşkar edilməsindən sonra həmin qayda pozuntusuna görə protokol yalnız elektron qaydada sürücünün iştirakı olmadan tərtib ediləcək. Yəni belə halda protokolun tərtib olunması üçün sürücünün DYP orqanına dəvət olunması, eləcə də sürücünün qaydanı pozduğu ərazidə saxlanılaraq bilavasitə DYP əməkdaşı tərəfindən protokol tərtib olunması birmənalı olaraq qadağan olunur. Bu yenilikdən sonra yuxarıda göstərilən inzibati xətaların nəzarət kameraları və radarlar vasitəsilə aşkarlanaraq rəsmiləşdirilməsi yalnız mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Başqa sözlə, hətta DYP əməkdaşları müəyyən yol sahəsində mobil radarlar vasitəsilə hərəkət sürətini ölçsələr də, həmin yerdə sürücünü dayandıraraq onun barəsində protokol tərtib etmək qadağan olunur. Çünki yeni dəyişikliyə əsasən, bütün nəzarət kameraları və radar qurğuları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.

Bu yeniliyin həm müsbət, həm də mənfi mənada maraqlı təcrübi nəticələri ola bilər. Müsbət mənada onu gözləmək olar ki, sürücülərin yerində saxlanılması və DYP orqanına dəvət edilməsi qadağan ediləndən sonra sürücü və DYP əməkdaşı arasında sövdələşmələr (rəsmilər buna «neqativ hallar» deyirlər) minimuma endiriləcək. Yəni qayda pozuntusu avtomatik rejimdə aşkarlanacaq, daha sonra sürücünün iştirakı olmadan elektron protokol tərtib olunaraq rəsmiləşdiriləcək və sürücünün ünvanına göndəriləcək. Bu halda qayda pozuntusu rəsmi qeydiyyata düşdüyündən onun sonrakı gedişi, yəni cərimə tətbiqi haqqında qərar çıxarılması, müvafiq cərimə balının tətbiqi qaçılmaz olacaq. Başqa sözlə, sürücünün «Həsən əminin qohumu» olması, yaxud DYP əməkdaşına görüm-baxım etməsi işə yaramayacaq.

Bu yeniliyin mənfi tərəfi onda ifadə oluna bilər ki, nəzarət kameralarının və radarların faktiki işləmədiyi hallarda (məsələn, elektrik enerjisi kəsildikdə), yaxud informasiyanın qəbulu, ötürülməsi və emalı prosesində problemlər olduqda qayda pozuntuları diqqətdən kənarda qalacaq.

Qayda pozuntusunun avtomatik qeydə alınması və elektron protokol tərtib olunması hələ cərimə tətbiqi barədə qərarın çıxarılması demək deyildir. Elektron protokollar İXM-in 410-1-ci maddəsində göstərilən qaydada və müddətlərdə sürücüyə göndəriləcək. Sürücü həmin protokolu və bildirişi aldıqdan sonra müvafiq DYP orqanına gələrək inzibati cərimənin tətbiqi barədə qərarın çıxarılması prosesində iştirak edə bilər. Lakin o, üzrlü səbəblər olmadan gəlmədikdə onun barəsində iştirakı olmadan cərimə tətbiqinə dair qərar çıxarılacaqdır. Həmin qərar çıxarıldıqdan sonra tanış olmaq, etirazlar olduqda şikayət vermək, etirazlar olmadıqda isə icra edilməsi (cərimənin ödənilməsi) üçün sürücüyə göndəriləcək.

Qayda pozuntusunun törədildiyi vaxt avtomobilini başqasının istifadəsinə vermiş sürücülər də çox narahat olmasınlar. Düzdür, belə halda avtomatik qeydə alınmış qayda pozuntusuna görə elektron protokol avtomobilin sahibi barəsində tətbiq olunacaq. Lakin İXM-in 410-1.6-cı maddəsi belə halda imkan verir ki, şəxs elektron protokolu aldıqdan sonra avtomobili başqasına verdiyinə və ya avtomobilinin qaçırıldığına dair vəsatətlə DYP-yə müraciət etsin. Belə vəsatət əsaslı olarsa, avtomobilin sahibi barəsində icraata xitam verilir və qaydanı faktiki pozmuş şəxs məsuliyyətə cəlb olunur.

Göründüyü kimi, qayda pozuntusunun avtomatik qeydə alınaraq elektron protokol tərtib olunması sistemi hələ ki yalnız protokollaşdırma mərhələsində sürücü və DYP əməkdaşlarının bilavasitə ünsiyyətini istisna edir. Cərimə tətbiqi mərhələsində isə belə ünsiyyət qalır. Amma bir daha vurğulamaq istəyirəm ki, qayda pozuntusu artıq rəsmiləşdirilmiş olduqdan sonra onun «ört-basdır» edilməsi mümkünsüz olacaq.

Bununla belə, yuxarıda sadalananlardan başqa qayda pozuntularının qeydə alınması və rəsmiləşdirilməsi, habelə nəzarət kameralarının və radarların olmadığı yerlərdə istənilən qayda pozuntusunun qeydə alınması və rəsmiləşdirilməsi ənənəvi qaydada həyata keçirilməkdə davam edəcəkdir. Yəni belə hallarda sürücünün pozuntunun törədildiyi yerdə dayandırılaraq əvvəlki qaydada protokol tərtib olunması, daha sonra qərar çıxarılması olduğu kimi qalacaqdır.

Bu yeniliyin ən maraqlı nəticələrindən biri odur ki, sistem tam işə düşəndən sonra Mərkəzi məlumat sisteminə inteqrasiya olunmamış radarlar qanunsuz sayılacaq və onların göstəriciləri əsasında məsuliyyətə cəlb etmə mümkün olmayacaq

4. Bu dəyişikliyin gətirdiyi yeniliklərdən biri sürücülərin həm törətdikləri qayda pozuntuları barədə, həm də yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS vasitəsilə məlumatlandırılmasının nəzərdə tutulmasıdır. Bu işin həyata keçirilməsi 3 orqana həvalə olunur: DYP-yə; ASAN xidmətə; Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə. Lakin belə mulamtlandırma sistemi hələ ki, tətbiq edilə bilməyəcək. Çünki dövlət başçısı həmin sistemin 3 ay müddətində yaradılması barədə Nazirlər Kabinetinə tapşırıq vermişdir. Yəqin ki, 5-6 ay müddətinə həmin sistem yaradılaraq real işə düşə biləcək.

Son yenilik Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli Fərmanı ilə ASAN xidmət mərkəzlərinin səlahiyyətinin genişləndirilməsinə dair göstərişinin icrasını da reallaşdıracaq. Həmin Fərmanda «ASAN ödəniş» sisteminin yaradılması nəzərdə tutulur. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini; inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını; inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin etməlidir.

5. Bu dəyişikliklərin gətirdiyi, sürücülər və digər yol hərəkəti iştirakçıları üçün sevindirici yenilik ondan ibarətdir ki, ödənişi gecikdirilmiş cərimələrin üzərinə dəbbə pulu əvvəlki kimi 3 ay deyil, 2 ay müddətinə gələcəkdir. Bunun nəticəsində cərimələr əvvəlki kimi 180% yox, 120% arta biləcək. Özü də bu yeniliyin geriyə qüvvəsi də var. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu, o deməkdir ki:

- bundan sonra çıxarılacaq bütün qərarlarla təyin olunan cərimələr gecikdirildikdə onun üzərinə maksimum 120% dəbbə pulu gələ bilər;

- indiyə qədər çıxarılmış, qüvvəyə minmiş və icrası gecikdirilmiş qərarlar üzrə dəbbə pulu 2 ay müddətində gələ bilər, yəni maksimum olaraq cərimə məbləğinin 120% məbləğində dəbbə pulu hesablana bilər;

- icrası gecikdirilmiş qərarlar üzrə cərimənin üzərinə gələn dəbbə pulunun 120%-dən artıq hissəsinin ödənilməsi tələb oluna bilməz .Yəni, məsələn, kiminsə cəriməsinin üzərinə 180% dəbbə pulu gəlmişdirsə, bunun 60%-i silinməlidir.

Avtomatik rejimdə işləyən kameralar və radarlar vasitəsilə aşkar edilməsi nəzərdə tutulan xətalardan biri – yolda müəyyən edilmiş hərəkət sürətinin 10-20 km/saat həddində aşılması (İXM-in 151-1.1-ci maddəsi) üzrə qayda pozuntularının hələlik elektron formada protokollaşdırılması həyata keçirilməyəcək. Dövlət başçısının Fərmanında göstərilir ki, bu xətanın elektron formada rəsmiləşdirilməsi SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçiriləcəkdir. Yəni SMS məlumatlandırma sistemi işə düşənədək sürət həddinin 10-20 km/saat aşılmasına görə elektron protokollardan istifadə olunmayacaq. Məncə, belə yanaşma həmin qayda pozuntularının həddən artıq çox olmasından irəli gəlir. Amma sürücülər buna arxayın olub sürət həddini aşmasınlar. Çünki sürət həddi 10-20 km/saat həddində aşıldıqda əvvəlki qaydada DYP əməkdaşları sürücünü dayandıraraq protokol tərtib edəcəklər. Əslində sürücülər SMS məlumatlandırma sisteminin işə düşməsinədək fürsətdən istifadə edərək daha intizamlı olmağa çalışmalıdırlar və bütövlükdə bu yeniliyə hazır olmalıdırlar. 4 mart 2014-cü il tarixli Qanun qayda pozuntularına görə məsuliyyətə cəlb etməklə bağlı bir sıra texniki xarakterli dəqiqləşdirmələri də nəzərdə tutur. Yəqin ki, yaxın günlərdə bu yenilikləri sürücülərimiz təcrübədə görəcəklər.

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert

Dostlarınla paylaş