Yüksək manevrli pilotsuz uçuş aparatları hazırlanacaq

Amerika Birləşmiş Ştatlarında yüksək manevrli pilotsuz uçuş aparatları hazırlanacaq. Cars-az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələri üçün ən yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi bu vəzifənin həlli üçün "Fast Lightweight Autonomy” (FLA) adlı proqramı istifadəyə verib. Proqramın məqsədi aparatları yolu qapalı, müxtəlif maneələrlə dolu yerlərdə operatorun iştirakı olmadan tez tapmaq bacarığı ilə təchiz edəcək yeni alqoritmlərin hazırlanmasından ibarətdir.

Dərc edilən tələblərə əsasən, manevrli pilotsuz uçuş aparatları göyə qalxaraq qapalı yerlərdə 72 km/saatadək sürət yığacaq. Bunların hamısını gələcək aparatlar operatorla rabitə əlaqəsinin olmaması ilə yanaşı, “GPS” sisteminə çıxış olmadan həyata keçirəcək.

“Vəhşi quşlar və uçan həşəratlar bizim pilotsuz uçuş aparatlarında tətbiq etmək istədiyimiz imkanlara malikdir. Məsələn, qırğılar meşədə ağaclarla toqquşmadan sürətlə uça bilir. Əksər həşəratlar da yüksək sürət və dəqiqliklə uçmaq qabiliyyətinə malikdir”, - "DARPA”-nın proqramlar rəhbəri Mark Misire qeyd edib.

Proqramın uğurlu olacağı təqdirdə hazırlanan alqoritmlər həm pilotsuz uçuş aparatlarından istifadədə, həm də yerüstü, dəniz və sualtı sistemlərdə tətbiq olunacaq.

Fidan

Dostlarınla paylaş