Velosiped həvəskarlarına şad xəbər; Azərbaycanda veloparklar tikiləcək

Azərbaycanda I Avropa Oyunlarına hazırlıqla əlaqədar dağ velosipedi yarışları üçün veloparklar tikiləcək. Gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan" qəzetində dərc etdirdiyi məqaləsində Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar görülən son işlər barədə məlumat verib. I Avropa Oyunları ilə əlaqədar kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması, boks, qılıncoynatma, karate, taekvondo, voleybol idman növləri üzrə yarışlar üçün Bakı Kristal Zalında arakəsmələrin qurulması və müvəqqəti qurğularla təchiz edilməsi, kanoe idman yarışlarının təşkili məqsədilə Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin yerinə yetirilməsi, BMX velosipedi və dağ velosipedi yarışları üçün veloparkların tikintisinə hazırlıq işləri yerinə yetirilir.

A.Rəhimovun sözlərinə görə, I Avropa Oyunları zamanı çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə beynəlxalq yarışların keçiriləcəyi Avropa Oyunları Parkının tikintisi, Su İdmanı Sarayının inşası, Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmiri, 65000 tamaşaçı tutumu olan Olimpiya stadionunun tikintisi işləri davam etdirilir.

Nazir qeyd edib ki, Avropa Oyunlarında qitənin 49 ölkəsindən 6000-dən artıq idmançının Azərbaycana gəlməsi gözlənilir. İdmançılar 19 idman növündə öz qüvvələrini sınayacaqlar.

Dostlarınla paylaş