İntihar edənlər bezdirdi; asma körpü qorunacaq

Bakıda insanların metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüdən intihara cəhd etməsi ənənə halını alıb. ANS-in məlumatına görə, iki gün öncə yaşanan növbəti intihara cəhd hadisəsi həmin körpüdə qeydə alınan üçüncü belə faktdır. Psixoloqlar hesab edir ki, bu məkanda dəfələrlə intihara cəhdin olması insanların diqqətini problemlərin həllinə yönəltməkdir. Problemdən çıxış yolu kimi mütəxəssislər bir müddət həmin ərazidə nəzarətin artırılmasını təklif edir.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, altı ay və ya bir il ərzində ora nəzarətə götürülərsə, orda intiharın qarşısını almaq olar: “Yaxşı olardı ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülsün. Sözügedən yerdə bir müddət intihar hadisəsi olmasa, müəyyən vaxt sonra insanlar həmin məkanı unudacaqlar”.

Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağında artıq bəzi tədbirlər həyata keçirməyə başlayıb.

Bakı Şəhər Baş Polis İdarəsi məsələni diqqət mərkəzində saxlayır və intihar cəhdlərinin qarşısını almaq üçün tədbirlər düşünülür. Ehtimal olunur ki, gələcəkdə körpünün ətrafında dəmir sədlər tikiləcək. Dünya təcrübəsində də analoji halların yaşandığı körpülər var. Onlardan ən məşhuru San-Fransiskoda yerləşən “Qızıl Körpü”dür ki, orta hesabla hər iki həftədən bir həmin körpüdə kim isə həyatı ilə vidalaşır. Həmin insanların arasında məhz bu körpüdə intihar etmək üçün San-Fransiskoya səfər edənlər də az deyil. Qonşu ölkə Türkiyədə bir vaxtlar “intiharlar körpüsü” kimi ad çıxaran Bosfor körpüsündə hazırda intiharların sayını azaltmaq üçün piyadaların gedişinə qadağa qoyulub.

Dostlarınla paylaş